Tədqiqatlar göstərmişdir ki, kağız ilk dəfə bizim eranın II əsrində Çində – Çay Jun tərəfindən alınmışdır. İlk əvvəl kağız üçün xammal bazası kimi ipəkdən, tut ağacının qabığından və s. bitki liflərindən istifadə edirdilər. Kağızın kəşfi bir sıra sahələrin inkişafına öz təsirini göstərdi. Belə ki, hal-hazırkı elm və texnikanı, məişətimizi və s. sahələri kağızsız təsəvvür etmək mümkün deyildir. Elm, texnika, insan şüuru inkişaf etdikcə kağızın alınmasıda müasirləşir və inkişaf edir. Hələ IX – XII əsrlərdə kağız bəzi Avropa dövlətlərində ancaq kilsə kitabları yazmaq üçün istifadə olunduğundan o, çox bahalı hesab olunurdu. Lakin zaman keçdikcə kağız – karton mallarının tətbiqi sahəsi genişlənmişdir. Nəticədə müxtəlif tərkibli, təyinatlı, ölçülü, rəngli, formatlı kağız və kartonlara rast gəlinir. Təyinat etibarı ilə dəftərxana ləvazımatları üçün, qiymətli əskinazların istehsalı üçün, inşaatda binaların daxili üçün istifadə olunan kağız mallarını bir birindən fərqləndirmək lazımdır. Buna görə də kağız və karton malları bir – birindən tərkibinə görə fərqlənməlidir, onların istehsal üsullarında da bu nəzərə çarpılmalıdır. Sonda bu avtomatik olaraq onların istehlak xassələrinə təsir edəcəkdir. Misal üçün, ilk dəfə tara üçün nəzərdə tutulmuş kağız və kartonlar bir-birindən ərzaq və sənaye malları üçün olan taralara görədə fərqlənirdilər. Çünki ərzaqla təmasda olan kağız malları ekoloji cəhətdən daha təmiz və gigiyenik olmalıdır.

Respublikamıza daxil olan kağız və karton mallarının keyfiyyəti ilk öncə gömrük komitələrinin ixtisaslaşdırılmış laboratoriyalarında yoxlanır, sonra onların respublikanın satış məntəqələrinə buraxılmasına icazə verilir. Yazı kağızlarının, dəftər vərəqələrinin keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Çünki, keyfiyyətli kağızlarda yazılmış yazıları, məlumatları, rəsm albomlarında çəkilmiş rəsmləri daha uzun müddətdə saxlamaq mumkündür. Bunun üçünsə istehsal olunmuş hər bir kağız növünün standart və texniki şərtlərə uyğun olması, əhalinin yüksək səviyyədə tələbinin ödənilməsi üçün vacib məsələdir.